998-IIIQ - Fǝrdi mǝlumatlar haqqında 12/10/2022, 12:56 Fərdi məlumatlar haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Bu Qanun fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı münasibətləri, milli informasiya məkanının fərdi məlumatlar bölümünün formalaşdırılması, habelə fərdi məlumatların transsərhəd ötürülməsi ilə əlaqədar məsələləri tənzimləyir, bu sahədə fəaliyyət göstərən dövlət və yerli özünüidarə orqanlarının, hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir. I fəsil ÜMUMİ MÜDDƏALAR Maddə 1. Qanunun məqsədi Bu Qanunun əsas məqsədi fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin qanunvericilik əsaslarını və ümumi prinsiplərini, həmin sahədə dövlət tənzimləməsinin qayda və tələblərini, fərdi məlumatların informasiya ehtiyatlarında formalaşdırılması, informasiya sistemlərinin yaradılması, informasiyanın verilməsi və ötürülməsi qaydalarını, bu prosesdə iştirak edən şəxslərin hüquqlarını, vəzifələrini və məsuliyyətinin əsaslarını müəyyən etməkdən, əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını, o cümlədən şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu müdafiə etməkdən ibarətdir. Maddə 2. Qanunda istifadə olunan əsas anlayışlar 2.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. fərdi məlumatlar — şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat; 2.1.2. fərdi məlumatların subyekti (bundan sonra — subyekt) — barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs; 2.1.3. fərdi məlumatların informasiya sistemi — qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini təmin edən informasiya sistemi; 2.1.4. fərdi məlumatların informasiya ehtiyatları — qanunvericiliklə müəyyən edilmiş qaydada və həcmdə fərdi məlumatların informasiya sistemlərində, habelə ayrıca toplandığı informasiya ehtiyatları; 2.1.5. fərdi identifikasiya nömrəsi — fərdi məlumatların informasiya sistemlərinə barəsində fərdi məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən vahid təkrarolunmaz kod; 2.1.6. xüsusi kateqoriyalı fərdi məlumatlar — fiziki şəxsin irqi və ya milli mənsubiyyətinə, ailə həyatına, dini etiqadına və əqidəsinə, səhhətinə və ya məhkumluğuna aid olan məlumatlar; 2.1.7. fərdi məlumatların toplanılması — subyekt barəsində fərdi məlumatların sənədləşdirilmiş qaydada qanuna uyğun olaraq əldə edilməsi; 2.1.8. fərdi məlumatların işlənilməsi — fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi); 2.1.9. fərdi məlumatların mülkiyyətçisi (bundan sonra — mülkiyyətçi) — qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi məlumatların informasiya sistemi və ya ehtiyatı üzərində tam sahiblik, istifadə, sərəncamvermə hüququnu həyata keçirən, fərdi məlumatların işlənilməsi məqsədini müəyyən edən dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxs; 2.1.10. fərdi məlumatların operatoru (bundan sonra — operator) — fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini həyata keçirən fərdi məlumatların mülkiyyətçisi və ya onun bu funksiyaları müəyyən həcmdə və şərtlərlə həvalə etdiyi dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxs; 2.1.11. fərdi məlumatların istifadəçisi (bundan sonra — istifadəçi) — yalnız özü üçün zəruri informasiyanın əldə olunması məqsədi ilə səlahiyyətləri daxilində mülkiyyətçi tərəfindən müəyyən edilmiş qaydada və həcmdə fərdi məlumatlardan istifadə hüququ verilmiş dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxs; 2.1.12. fərdi məlumatların yayılması — fərdi məlumatların kütləvi informasiya vasitələri, habelə informasiya sistemləri ilə açıqlanması və ya fərdi məlumatlarla şəxslərin hər hansı digər üsulla tanış olmasına imkan yaradılması; 2.1.13. fərdi məlumatların verilməsi — fərdi məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada sorğu əsasında maddi daşıyıcılarla və ya informasiya texnologiyaları vasitəsilə istifadəçilərə təqdim edilməsi; 2.1.14. fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulması — fərdi məlumatlarla əlaqədar istənilən əməliyyatın dayandırılması; https://e-qanun.az/framework/19675 Page 1 of 9

Select target paragraph3