998-IIIQ - Fǝrdi mǝlumatlar haqqında 12/10/2022, 12:56 7.2. Fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi xarakter daşıdığı hallar istisna olmaqla, subyekt onun barəsində olan məlumatların toplanılmasına və işlənilməsinə etiraz etmək hüququna malikdir. Subyektin etirazı mülkiyyətçiyə və ya operatora yazılı surətdə təqdim olunmalıdır. Subyektin etirazının əsaslandırılması tələb olunmur. Mülkiyyətçi və ya operator həmin etirazı aldıqda göstərilən fərdi məlumatların toplanılmasını və işlənilməsini dərhal dayandırmalıdır. 7.3. İnformasiya texnologiyaları vasitəsilə fərdi məlumatların toplanılması və işlənilməsi nəticəsində qəbul olunan qərar subyektin mənafeyini pozduğu halda, qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi xarakter daşıdığı hallar istisna olmaqla, subyektin bu məlumatların göstərilən üsulla toplanılmasına və işlənilməsinə etiraz etmək hüququ vardır. Mülkiyyətçi və ya operator fərdi məlumatların informasiya texnologiyaları vasitəsilə işlənilməsinə qarşı etiraz aldıqda, subyektdən onun barəsində məlumatların digər üsulla işlənilməsinə razılıq almalı və ya fərdi məlumatların işlənilməsini təxirə salmadan dayandırmalıdır. 7.4. Subyekt onun barəsində fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi, habelə bu Qanunun tələblərinə əməl olunmaması nəticəsində onun hüquqlarının pozulduğu hallarda müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət etmək, habelə ona vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 7.5. Subyekt bu Qanunun 7.1-7.3-cü maddələrində göstərilən hüquqlarını mülkiyyətçiyə və ya operatora kağız formatında yazılı ərizə və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə və ya gücləndirilmiş elektron imzalı elektron sorğu verməklə həyata keçirir. IV fəsil FƏRDİ MƏLUMATLARIN TOPLANILMASI VƏ İŞLƏNİLMƏSİ Maddə 8. Subyektin özü barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə razılığı 8.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada fərdi məlumatların məcburi şəkildə toplanılması və işlənilməsi halları istisna olmaqla, hər hansı şəxs barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə yalnız subyekt tərəfindən verilmiş yazılı, o cümlədən gücləndirilmiş elektron imzalı elektron sənəd formasında razılıq və ya özünün yazılı təqdim etdiyi məlumatlar əsasında yol verilir. 8.2. Subyektin fərdi məlumatların işlənilməsi üçün yazılı razılığa aşağıdakılar daxil edilməlidir: 8.2.1. subyektin kimliyini müəyyənləşdirməyə imkan verən məlumatlar; 8.2.2. subyektdən razılıq alan mülkiyyətçinin və ya operatorun kimliyini müəyyənləşdirməyə imkan verən məlumatlar; 8.2.3. fərdi məlumatların toplanılması və işlənilməsi məqsədi; 8.2.4. subyekt tərəfindən işlənilməsinə razılıq verilmiş fərdi məlumatların və onların işlənilmə əməliyyatlarının siyahıları; 8.2.5. subyektin razılığının qüvvədə olma dövrü və onun geri götürülməsi şərtləri; 8.2.6. fərdi məlumatların müvafiq informasiya sistemində müəyyən olunmuş saxlanma müddəti başa çatdıqdan və ya subyektin ölümündən sonra onun barəsində toplanılmış fərdi məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada məhv edilməsi və ya arxivləşdirilməsi şərtləri. 8.3. Subyekt vəfat etdikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, habelə yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda bu Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir. 8.4. Subyektdən onun fərdi məlumatlarının toplanılması və işlənilməsi üçün razılığın alınması haqqında sübutun təqdim olunması vəzifəsi mülkiyyətçinin və ya operatorun üzərinə düşür. Vəfat etmiş şəxslər barəsində fərdi məlumatların işlənilməsinə subyektin sağlığında qadağan qoyulmamışdırsa, həmin məlumatlar qanunvericiliklə müəyyən olunmuş hallarda işlənilə bilər. 8.5. Açıq fərdi məlumatların toplanılmasını və işlənilməsini həyata keçirən mülkiyyətçi və ya operator subyektin tələbi ilə həmin məlumatların açıq fərdi məlumatlar kateqoriyasına aid olduğunu sübut etməlidir. Maddə 9. Fərdi məlumatların toplanılmasının və işlənilməsinin əsas şərtləri 9.1. Fərdi məlumatların toplanılmasının və işlənilməsinin məqsədi mülkiyyətçi və ya operator tərəfindən dəqiq bəyan edilməli, həmin məlumatların toplanılması və işlənilməsi bu məqsədlərə, habelə mülkiyyətçinin və ya operatorun maddi-texniki və təşkilati imkanlarına uyğun olmalıdır. Fərdi məlumatlar yalnız qanuni, əvvəlcədən müəyyən olunmuş və bəyan edilmiş məqsədlər üçün toplanılmalı və göstərilmiş məqsədlərə uyğun üsullarla işlənilməlidir. 9.2. Toplanılan və işlənilən fərdi məlumatların həcmi və xarakteri bəyan edilmiş məqsədlərə və mülkiyyətçilərin səlahiyyətlərinə uyğun olmalıdır. 9.3. Fərdi məlumatlar dəqiq, tam olmalı və zərurət yarandıqda təzələnməlidir. https://e-qanun.az/framework/19675 Page 4 of 9

Select target paragraph3