998-IIIQ - Fǝrdi mǝlumatlar haqqında
12/10/2022, 12:56
15.4.5. subyektlərin kateqoriyaları;
15.4.6. informasiya sisteminin istismarı zamanı mülkiyyətçinin fərdi məlumatların mühafizəsi ilə bağlı öhdəsinə götürdüyü
tədbirlərin ümumi təsviri;
15.4.7. fərdi məlumatların toplanılmasına və işlənilməsinə başlanıldığı tarix;
15.4.8. fərdi məlumatların istifadəçilərinin dairəsi;
15.4.9. fərdi məlumatların toplanılmasına və işlənilməsinə nəzarət və audit mexanizmləri;
15.4.10. digər əlaqəli informasiya sistemləri, həmin sistemlərlə informasiya mübadiləsi üsulları və mübadilə edilən məlumatların
kateqoriyaları;
15.4.11. informasiya sistemlərindən istifadə olunmaqla əhaliyə göstərilə bilən elektron xidmətlərin əhatə dairəsi;
15.4.12. subyektin bu Qanunun 7.1-ci maddəsində göstərilən hüquqlarının təmin edilməsi qaydaları;
15.4.13. digər dövlətlərə, habelə beynəlxalq təşkilatlara transsərhəd ötürülən fərdi məlumatların kateqoriyaları.
15.5. Fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatından keçirilməsi haqqında müraciətdəki məlumatlarda
dəyişiklik olduqda bu barədə 3 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına yazılı surətdə bildirilməlidir.
15.6. Fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatı ləğv edildikdə, həmin informasiya sistemində olan məlumatlara
dərhal qadağan qoyulmalı və təxirə salınmadan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada məhv
edilməlidir.
Maddə 16. Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri
16.1. Bu Qanunun 15.4-cü maddəsinə uyğun təqdim olunmuş məlumatlar, fərdi məlumatların informasiya sisteminin dövlət
qeydiyyatı və ya dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı məlumatlar müvafiq icra hakimiyyəti orqanının apardığı informasiya
sistemlərinin dövlət reyestrinə daxil edilməlidir.
16.2. Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunur.
Maddə 17. Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətləri
17.1. Müvafiq icra hakimiyyəti orqanı dövlət reyestrinə daxil edilmiş informasiya sistemlərində fərdi məlumatların toplanılmasının,
işlənilməsinin və mühafizəsinin bu Qanunun tələblərinə, habelə məlumatların və onların işlənilmə üsullarının informasiya sisteminin
bəyan olunmuş məqsədlərinə uyğunluğunu yoxlayır.
17.2. Müvafiq icra hakimiyyəti orqanı aşağıdakı hüquqlara malikdir:
17.2.1. bu Qanunla ona həvalə edilmiş vəzifələrin həyata keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada
mülkiyyətçilərə və ya operatorlara sorğular vermək, habelə dövlət orqanlarından, mülkiyyətçilərdən və ya operatorlardan ödənişsiz
olaraq zəruri məlumatlar almaq;
17.2.2. fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçirilərkən mülkiyyətçinin verdiyi məlumatları, o
cümlədən informasiya sistemlərinin layihəyə uyğunluğunu yoxlamaq, müəyyən olunmuş qaydada informasiya sistemlərinin dövlət
ekspertizasını təşkil etmək;
17.2.3. fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə məşğul olan dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən
bu Qanunun tələblərinin pozulması hallarının aradan qaldırılmasını tələb etmək;
17.2.4. fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində müvafiq qanunvericiliyin tələblərini pozmuş şəxslərin
müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;
17.2.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
17.3. Müvafiq icra hakimiyyəti orqanı öz fəaliyyətini həyata keçirərkən əldə olunan fərdi məlumatların konfidensiallığını təmin
etməlidir.
17.4. Müvafiq icra hakimiyyəti orqanının hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən olunmuş qaydada şikayət verilə bilər.
Maddə 18. Milli informasiya məkanının fərdi məlumatlar üzrə bölümü
18.1. Milli informasiya məkanının fərdi məlumatlar üzrə bölümünün formalaşdırılması, istifadəsi və inkişafı vahid elmi-texniki
konsepsiya əsasında həyata keçirilir.
https://e-qanun.az/framework/19675
Page 8 of 9